Azərbaycanlı məşqçilər şəxsiyyət olaraq formalaşa bilmirlər.
Çoxu 2-3 cümləni ard-arda deyə bilmir. Bəziləri küçə jarqonu ilə fikirlər səsləndirirlər. Azərbaycanlı məşqçilər yaxşı "oğlan" olmağı məşqçi olmaqdan üstün tuturlar.
Keçək işə. Ortaya normal iş qoyan təkcə Qurban Qurbanovdur. Onun özünəməxsus sistemi var. Qalanları əcnəbi həmkarlarının yaratdığı sistemləri tətbiq edirlər. Elə bilirlər ki, iş görürlər.
Bizim məşqçilərdə iş yoxdur eee. Nələrinə lazımdır axı? Uğursuzluq olanda hakimi, futbolçunu günahlandırırlar. Vəziyyət daha qəliz olanda başlayırlar rəhbərliyi "kaznitləməyə"!
Azər Bağırov bu gün yazdığım fikri təsdiqlədi. Bir çoxları düşünürdü ki, məşqçinin gəlişindən sonra "Kəpəz"də işlər düzələcək. Təsadüfi "Şamaxı" qələbəsindən sonra çoxları həvəslənmişdilər də. Amma...
Azər Bağırov gələndən sonra nə iş görüb? Mənasız yerə rəqibin ayağını qıran futbolçusunu danlamaq əvəzinə hakimlərə söz atır.
Bu mövsüm "Neftçi" Premyer Liqada maksimum 2 qol vura bilib. Bu gün gəncəliləri 5 dəfə məyus etdilər. Azər Bağırov nə etdi? Səhvlərini demək əvəzinə, futbolçularını günahlandırmaq yerinə başladı yenə hakimlərdən danışmağa.
Mətbuat konfransında dediklərinə baxın!
"Dinimizdə də 3 hakimdən 2-si cəhənnəmlikdir. Qərarları verəndə fikirləşsinlər ki, kimlərinsə haqqına girməsinlər".
"Bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikəri qərarların hamısı onlara yedizdiriləcək".
Sən Allah, peşəkar məşqçiyə bu sözlər yaraşır? Bu, nə jarqondur? Elə bil mətbuat konfransı deyil. Sanki Azər Bağırov məhlədə əlində təsbeh "razborka" həll edir.
Əla! Belə oldu? Mənim də bir sualım var! "Kəpəz" Premyer Liqadan düşsə, səni baş məşqçi təyin edənlərə də verdikləri qərarlar yezdiriləcək?
Tutaq ki, hakim qərarları səni bezdirib. İşdir. Hər çətinlik olur. Nə üçün belə şeylərə dini qatırsan? Şura Surəsi, 37-ci ayədə deyilir:
"O kəslər ki, böyük günahlardan və iyrənc əməllərdən çəkinər, əsəbiləşdikləri (qəzəbləndikləri) zaman bağışlayarlar."
Hörmətli, Azər Bağırov! Sən bu gün mətbuat konfransında yaxşı oğlan olduğunu göstərdin. Onsuz da bu, hamımıza bəlli idi. Amma sən bu gün yaxşı məşqçi və dindar olmadığını da göstərmiş oldun!
İLKİN SULTANLI