
“Çelsi”nin və Argentina millisinin yarımmüdafiəçisi Enso Fernandes gələn il keçiriləcək Dünya Çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Sport1.az TyC Sports-a istinadən xəbər verir ki, futbolçu həm milli komandanın perspektivlərini, həm də “albiseleste”də kapitan olmaq arzusunu dəyərləndirib.
Fernandes kapitanlıq mövzusuna belə münasibət bildirib:
“Əlbəttə, bu, mənim arzumdur. Kapitan sarğısını daşımaq mənim üçün böyük şərəf olardı, amma bu, mənlik qərar deyil. Bunu məşqçilər heyəti müəyyənləşdirir. Bunun nə vaxt baş verəcəyini bilmirəm. Zaman göstərəcək”.
O, həmçinin Argentina millisinin əsas hədəfinə toxunub:
“Bilirik ki, bu, Messi üçün son Dünya Çempionatı ola bilər. Ona görə də titulu qorumaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Komandamızın etməli olduğu budur. Argentinalılar çox ehtiraslıdır və hər zaman daha çoxunu istəyirlər”.
Qeyd edək ki, mundial gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək. Son Dünya Çempionu Argentinadır.