
Çempionlar Liqasının Liqa mərhələsindən növbəti turun oyunları keçirildi.
İki gün öncə Bakıda “Qarabağ” “Çelsi”ni qəbul etdi. 4 qolun qeydə alındığı görüşdə tərəflər sülhə razılaşdılar.
Veteran futbolçu Xəqani Məmmədov görüşlə bağlı fikirlərini Sport1.az-a açıqladı:
“Çelsi” kimi dünyaca məşhur və güclü komanda haqqında nəsə deməyə ehtiyac yoxdur. Rəqibin adı-sanı, gücü “Qarabağ” üzərində təzyiq olacağından xəbər verirdi. London təmsilçisi oyuna nəzarət edərək ilk dəqiqələrdən qollar vurmaq istəyirdi. Amma ağdamlılar həm müdafiədə sıx oynayaraq, həm də irəli pressinq tətbiq edərək buna imkan vermirdilər. Hesabı ingilislər açsa da, “süvarilər” ruhdan düşmədilər. Oyundan qopmayan “Qarabağ” futbolçuları iki qol vurmaqla fasiləyə üstün yollandılar.
Çoxları bu cür gedişat gözləmirdi. İkinci yarıda “zadəganlar” hesaba tarazlıq gətirsələr də, Qurban Qurbanovun komandası qonaqların qələbə qolunu vurmasına imkan vermədilər. Çox maraqlı və gərgin oyun alındı. Hesab edirəm ki, “Qarabağ” güclü “Çelsi”nin təzyiqinə dözməklə yanaşı ağıllı və əzmkar futbol sərgiləyərək qələbəyə bərabər 1 xal qazandı. Təmsilçimiz gözəl oyun və uğurlu nəticəyə görə təbrik edirəm”.
MİRZƏ S.