UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Qarabağ" doğma meydanda "Çelsi" ilə heç-heçəyə razılaşdı - 2:2. Sport1.az xəbər verir ki, görüşdən sonra Azərbaycan çempionunun müdafiəçisi Elvin Cəfərquliyev oyun haqda fikirlərini jurnalistlərlə bölüşüb:
"Bu, qələbəyə bərabər olan nəticədir. Komandamız çox inkişaf edib, çox böyüyüb. Klubumuz artıq elə bir səviyyədədir ki, "Çelsi" ilə qarşılaşmada qələbədən danışırıq. Məncə, komanda olaraq çox yaxşı oynadıq. Rəqibin yüksək pressinqdə oynadığını bilirdik. Onlar bizə çətinliklər yaradırdı. Lakin hər şeyin öhdəsindən gəldik. Şükürlər olsun ki, bu gün başımızı aşağı yox, yuxarı tutduq. Döyüşdük, vuruşduq. Azarkeşlərimizə də təşəkkür edirik ki, bu gün bizi burada tək qoymadılar". 25 yaşlı oyunçu öz çıxışı və gələcək karyerası barədə bunları söylədi:
"Mən özümə inanıram. Bu gün də elə idim. Rəqibin kim olması fərq etmir. Əsas odur ki, çıxıb öz oyunumu göstərim. Düşünürəm, bu gün də bunu bacardım. Bu səviyyədə futbolçulara qarşı artıq bir neçə dəfə oynamışam. Yeni təkliflər barədə menecerimlə danışığımız olmayıb. Avropa klublarından maraq ola bilər, amma maraq varsa, bu o demək deyil ki, hansısa kluba transfer olacağam. Bunun reallaşması üçün menecerimlə danışıqlar aparılmalı, həm də mənim razılığım olmalıdır. Maraq olur, amma nə qədər realdır, bu barədə hələ heç nə deyə bilmərəm. Nə zamansa oturub menecerimlə bu mövzuda danışmalıyam".