UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda keçiriləcək "Qarabağ" - "Çelsi" görüşündən öncə "zadəganlar"ın baş məşqçisi Enzo Mareska jurnalistlərin suallarını cavablandırıb. Sport1.az xəbər verir ki, italiyalı mütəxəssis fikirlərini bölüşüb:
“Qarabağ”la oyun bizim üçün vacibdir. Çünki ardıcıl üçüncü qələbəmizi qazana bilərik. Şübhəsiz ki, bəzi oyunçuları rotasiya etməliyik. Cümə günü Londona qayıdırıq və sonra şənbə günü oyunumuz var. Uyğunlaşmağa və əlimizdən gələni etməyə çalışacağıq. “Qarabağ” yaxşı komandadır. Onlar “Benfika” və “Kopenhagen”ə qalib gəliblər. “Atletik”lə matçda hesabda irəli idilər lakin sonradan məğlub oldular. “Qarabağ” uzun illərdir ki, eyni baş məşqçi ilə çalışır. Komanda olaraq evdə çox sıx oynayırlar. Şübhəsiz ki, çətin oyun olacaq”. O, əsas futbolçularından olan Kol Palmerin zədəsindən danışıb:
“Palmer bizim üçün hər zaman lazımdır. Təəssüf ki, sabah “Qarabağ”a qarşı matçda görə bilməyəcəyik. Tez bir zamanda zədəsini sağaldacağı və aramıza dönəcəyini gözləyirik”.E.Mareska Q.Qurbanovun 17 il ərzində Ağdam klubunu çalışdırması haqda danışıb:
“Bu, inanılmazdır. Sözün düzü hər vaxt rastlaşmadığım bir şeydir. 17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir”.Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.