
Polşalı qapıçı Mateuş Koxalskinin “Qarabağ”dan ayrılma ehtimalı gündəmə gəlib.
Sport1.az xəbər verir ki, İtaliyanın “Corriere dello Sport” nəşri Çempionlar Liqasındakı çıxışı ilə diqqət çəkən qolkiperə Avropanın iki nəhəng klubunun – “Napoli” və Dortmund “Borussiya”sının maraq göstərdiyini yazıb.
Məlumata görə, Bundesliqa təmsilçisi artıq qış “transfer pəncərəsi” üçün ilkin addımlara başlayıb. “Napoli” isə xüsusilə son aylarda Koxalskinin performansını nəzərə alaraq onu real transfer hədəfi kimi qiymətləndirir.
İddialara əsasən, mümkün keçid səbəbindən polşalı qapıçının Çempionlar Liqasının son iki turunda “Ayntraxt” və “Liverpul”la keçirəcək matçlarda meydanda olmaya biləcəyi də istisna edilmir.
Qeyd edək ki, Koxalskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Ona görə də transferi reallaşdırmaq istəyən klub Ağdam təmsilçisinə təzminat ödəməlidir.