
Misli Premyer Liqasının 13-cü turunda “Qəbələ” evdə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub etdi.
Qarşılaşmadan sonra “qırmızı-qaralar”ın kapitanı Murad Hüseynov oyunla bağlı fikirlərini Sport1.az-a açıqladı:
“Bizim üçün çox vacib oyun idi. Rəqib də güclü komandadır, avrokuboklar uğrunda oynayan rəqibə qarşı çıxış etdik. Sezon başlayandan xüsusilə qol vurmaqda çox əziyyət çəkirdik. Epizodlarımız olurdu, amma dəyərləndirə bilmirdik. Şükür ki, bu dəfə vəziyyətdən düzgün istifadə etdik və komanda olaraq böyük xarakter göstərdik. Çox önəmli üç xal qazandıq”.
Qələbədən sonra motivasiya məsələsinə də toxunan Hüseynov bunları söylədi:
“Motivasiyamız həmişə olub. Əksər oyunlarda “Qəbələ”nin baxımlı futbol oynadığını hər kəs deyir. Sadəcə epizodları dəyərləndirə bilmirdik. Bu qələbə, inşallah, gələcək matçlara daha rahat, daha sakit və daha inamlı çıxmağımıza kömək edəcək. Məqsədimiz maksimum nəticələr qazanmaqdır”.
ZƏFƏR HACILI