
Misli Premyer Liqasının 13-cü turunda "Neftçi" səfərdə "Turan Tovuz" ilə qolsuz bərabərliyə imza atdı – 0:0.
Qarşılaşmadan sonra bakılıların nigeriyalı yarımmüdafiəçisi Metyu İfeanyi Sport1.az-ın suallarını cavablandırdı...
- Oyun haqqında nə düşünürsünüz?
- Çətin, ağır səfər oyunu idi. Buraya qələbə üçün gəlmişdik, amma sonda 1 xalla qayıtmalı olduq.
- Ot örtüyü və meydança amili oyuna təsir göstərdimi?
- Əlbəttə. Birmənalı şəkildə deyə bilərəm ki, meydança oyunun istədiyimiz kimi getməsinə mane olurdu. Görünürdü ki, yeni meydançadır, hələ ot yeni-yeni çıxır.
- Əvvəlki və indiki baş məşqçi arasında hansı fərqlər var: Nə dəyişib?
- Deməzdim ki, böyük dəyişiklik olub. Eyni oyunçular, eyni üslubdur. Ümumi məqsədimiz qələbə qazanmaqdır.
- Fərdi yanaşsaq, “Neftçi”nin futbolçuları çempionatın ən yaxşılarıdır. Komanda oyunu niyə alınmır?
- Düz deyirsiniz, bizdə oyunçular çox keyfiyyətlidir. Hər biri fərdi olaraq yüksək səviyyəyə malikdir. Amma demək olar ki, əsas heyətin 11-i də yeni oyunçudur. Düşünürəm ki, daha yaxşı uyğunlaşmaq üçün bir az vaxt lazımdır.
- Demək olar ki, çempionluq əldən çıxıb. Titul üçün əsas hədəf artıq kubok olacaqmı?
- Mən deyirəm ki, mövsüm hələ bizim üçün bitməyib. Biz hələ təslim olmamışıq.
- Növbəti oyunda “Zirə” ilə oynayacaqsınız. Çempionat matçından sonra azarkeşlər düşünürdülər ki, “Neftçi”nin qələbəsi əlindən alındı. Bu dəfə bir növ “intiqam” almağı düşünürsünüzmü?
- Hər oyuna addım-addım hazırlaşırıq. Bu oyun artıq bitdi. Növbəti görüş kubok qarşılaşmasıdır. Bütövlükdə komanda şəklində matça köklənəcəyik ki, orada istədiyimiz nəticəni əldə edək.
ZƏFƏR HACILI