
Misli Premyer Liqasının XII turunda "İmişli" səfərdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub etdi.
Matçdan sonra qonaqların yarımmüdafiəçisi İdris İnqilablı Sport1.az-a müsahibə verdi...
- Çətin görüş oldu. Amma 3 xal qazana bildiniz. Nə hisslər keçirirsən?
- Çox yaxşı oyun keçdi. İki dəfə geriyə düşsək də, hesabı çevirə bildik. Buna görə xoşbəxtik.
- Evdə heç-heçə etdiyiniz "Neftçi"ni səfərdə məğlub etdiniz...
- Məşqlərdə çox çalışırıq. Milli fasilədən layiqincə yararlanaraq özümüzü inkişaf etdirdik.
- Qarşıda ilk dövrədə məğlub etdiyiniz "Sabah"la görüşünüz var...
- Belə böyük komandalara qarşı oynayanda daha çox motivasiyalı olursan. Onlarla həm kubok, həm də liqa qarşılaşmamız var. Qələbə üçün çalışacağıq.
- Komandanız təbii otda daha yaxşı oyun göstərir. Yalnız "Araz-Naxçıvan" və "Qarabağ"a məğlub olmusunuz...
- Təbii otda daha əlverişli olduğumuz üçün yaxşı oyun göstərə bilirik, motivasiyamız yüksək olur. Ev meydanımızda həm də qarşılaşmalar gündüz vaxtı olduğu üçün bizim üçün problem olur.
- 3 qoldan ikisini standart vəziyyətdən vurmusunuz...
- Yaxşı hazırlaşmışdıq. Son məşqin demək olar yarısından çoxunu bunun üzərində işləmişik.
MİKAYIL HACIYEV