"Zirə" Misli Premyer Liqasının 5-ci turunda "Qarabağ"la heç-heçə edib - 1:1.
Həmin görüşdən sonra "qartallar"ın qapıçısı Hüseynəli Quliyevin
Sport1.az-a müsahibəsini təqdim edirik:
- Qarşılaşma ilə bağlı fikirləriniz maraqlıdır...
- Elə gözlədiyimiz kimi ağır oyun oldu. Rəqibimiz "Qarabağ" idi. Onlar güclü komandadır. Şükür Allaha, yaxşı oynadıq. Qələbə də qazana bilərdik. Bəzi epizodlar buna maneə oldu. Komanda yoldaşlarımı təbrik edirəm.
- Növbəti turdan sonra milli komandaların oyunları ilə bağlı fasilə olacaq. Necə düşünürsünüz, sizin də düşərgəyə çağırılmaq ehtimalınız var?
- Dəvət edilsəm, sevinərəm. Orada da məşqçilərin fikri önəmlidir. Ölkəmizdə yaxşı yerli qapıçılar var. Milliyə çağırılmağım mənim üçün böyük fəxr olar.
- Mövsümə yaxşı start verdiniz. "Sabah"la oyunda ağır məğlubiyyət aldınız. Mövsümün sonunda "Zirə" neçənci pillədə qərarlaşmaq gücündədir?
- Meydana çıxdığımız hər oyunda qələbə qazanmaq istəyirik. Yarışı neçənci sırada bitirəcəyimizi mövsümün sonunda biləcəyik. Hər qarşılaşmada əlimizdən gələni etməyə çalışırıq.
- Heyətiniz avrokuboklara vəsiqəni təmin edən pillədə yer tutmaq gücündədir?
- Mövsümün əvvəlidir. İndi heç nə məlum deyil. Bunların hamısı biz qələbələr qazandıqca bilinəcək.