"Şamaxı" Misli Premyer Liqasının 5-ci turunda "Sumqayıt"la heç-heçə edib - 1:1.
Həmin görüşdən sonra bölgə təmsilçisinin futbolçusu Edqar Adilxanovun
Sport1.az-a müsahibəsini təqdim edirik:
- Matç barədə fikirləriniz necədir?
- Əslində, birinci hissəyə o qədər də yaxşı başlamamışdıq. Daha doğrusu, öz gücümüzü tam göstərə bilmirdik. İkinci hissədə artıq özümüzə gəldik. Qoldan sonra daha da yaxşı oynamağa başladıq. Oyunu qazana bilərdik, təəssüf ki, alınmadı.
- Qolunuz da kifayət qədər baxımlı alındı...
- Məncə də.
- Sizcə, bu qol ayın ən yaxşı qollarından biri seçilə bilər?
- İnanmıram, əslində. "Neftçi"də, bildiyim qədər, gözəl bir qol vurublar, səhv etmirəmsə. Ona görə "Top-5"-də ola bilər, amma qalib olacağına inanmıram.
- Qolunuz komandanın xal qazanmasında mühüm rol oynadı. Bu baxımdan necə hisslər keçirirsiniz?
- Xal qazanmaq istəyirdim, əlbəttə. Mən də çalışırdım ki, komandama maksimum kömək edim. Əlimdən gələni etdim. İnşallah, gələn oyunlarda qələbə qazanacağıq.
- Bəs bu mövsüm "Şamaxı"nın qarşısına hansı hədəflər qoyulub?
- Hədəf, əslində, həmişəki kimi Premyer Liqada qalmaqdır. Sadəcə, mən inanmıram ki, biz təkcə Premyer Liqada qalmaq uğrunda oynayacağıq. Çalışacağıq ki, mümkün qədər yuxarı pillələrdə qərarlaşaq.
- Hazırda "Şamaxı"nı ideal formada hesab etmək olar, yoxsa komandanın daha da inkişaf etməsi üçün zamana ehtiyacı var?
- Təzə yığılan komandayıq. Demək olar ki, 16-17 oyunçu yenidir. Məncə, bir az vaxt lazımdır. Hələ ideal vəziyyətdə deyilik. Taktikanı öyrənirik, oyunçular bir-birinə uyğunlaşır. Məncə, bunun üçün vaxt lazımdır.
- Ümumiyyətlə, yeni mövsümdə Azərbaycan çempionatı sizdə hansı təəssüratı yaradır?
- Çempionat ildən-ilə güclənir. Məncə, bu il çox maraqlı çempionat olacaq. Görək, inşallah, yaxşı olacaq.
- Bu mövsüm legioner limitinin olmaması və bəzi komandaların demək olar ki, tam legionerlərdən təşkil olunmuş heyətlə meydana çıxması sizə əlavə çətinlik yaradır?
- Heç vaxt bunu fikirləşməmişəm. Legioner limiti qoyulanda da bu barədə düşünməmişəm. Sadəcə, çalışmışam hər gün məşq edim, öz üzərimdə işləyim, inkişaf edim və əsas heyətdə yerimi qazanım. Əlimdən gələni etmişəm.
- Növbəti turda "Araz-Naxçıvan"la qarşılaşacaqsınız. Rəqibin də xala ehtiyacı var. Bu oyuna necə hazırlaşırsınız?
- Yaxşı formadadırlar, ya deyillər - bizim üçün fərqi yoxdur. Biz çalışacağıq ki, hər oyuna çıxıb maksimum performansımızı meydanda göstərək. Mənim fikrimcə, bizim üçün hər oyun çətindir. Amma maksimumumuzu ortaya qoymağa çalışacağıq.
- Keçən mövsüm "Şamaxı"nın heyətində sizin və Rüfət Abdullazadənin gələcək vəd edən futbolçular olduğunuz görünürdü. Bu mövsüm sizin də aparıcı klublardan birinə keçəcəyiniz gözlənilirdi. Rüfət “Neftçi”yə keçdi. Sizə təklif olmadı, yoxsa “Şamaxı”da qalmağa üstünlük verdiniz?
- Belə deyim, təklif yox idi ki, gedim. Birincisi, bu il “Şamaxı”dan çıxmaq fikrim yox idi. Çünki istəyirdim bir mövsüm də burada qalım və özümü göstərim. Gələcəkdə təkliflər gəlsə, dəyərləndirə bilərəm.
- Artıq Azərbaycan Premyer Liqası xarici skautların da diqqət mərkəzindədir. Son vaxtlar yerli futbolçuların xarici çempionatlara keçidi də artır. Sizin belə bir keçidlə bağlı planınız varmı?
- Getmə ehtimalının nə qədər olduğunu deyə bilmərəm. Amma ambisiyalarımdan biri Avropaya çıxmaqdır. Orada yaxşı səviyyədə futbol oynamaq istəyirəm.
- Milli komandaya çağırılmamağınız sizə necə təsir edir? Bu, daha çox çalışmağınıza motivasiya verir, yoxsa məyusluq yaradır?
- Yox, heç üzülməyəcəyəm. Mənə təsir etməyəcək. Çağırılmasam da, bilmirəm, bu, məşqçinin seçimindən asılıdır. Mənə heç bir təsir göstərməyəcək. Çalışacağam ki, hər gün öz üzərimdə işləyim, inkişaf edim və əlimdən gələni edim.
- Azarkeşlər və mətbuat nümayəndələri də sizin kimi uzun müddətdir futbol oynayan gənclərin milli komandada şans qazanmasının vacib olduğunu düşünürlər. Siz özünüz bu barədə nə düşünürsünüz?
- Millidə oynamaq hər bir azərbaycanlı futbolçunun xəyalıdır, əlbəttə. Mən də istərdim ki, millidə oynayım. Amma çağırılmasam, heç bir problem olmayacaq. Yenə də çalışacağam ki, hər oyunu əvvəlkindən daha güclü keçirəm. İnşallah, görək necə olacaq.
- Futbolçuların böyük əksəriyyətinin uşaqlıq arzusu Avropanın top-5 liqalarından birində oynamaqdır. Sizin əsas hədəfiniz hansı liqada çıxış etməkdir?
- Dediyim kimi, əsas ambisiyam Avropaya çıxmaqdır. İndi konkret hansı klub olduğunu deyə bilmərəm. Çalışacağam maksimum gücümü ortaya qoyum və buradan çıxım. Konkret klub adı deyə bilmərəm. Əlbəttə ki, İngiltərə Premyer Liqasında oynamaq istəyərəm.