Dünən “Sabah”ın 9 yaşı tamam olub, AFFA da klubu təbrik edib.
Avropada ölkəmizi layiqincə təmsil edən komandaya belə münasibət göstərmək lazımdır. Buna sözümüz yoxdur.
Amma federasiyanın paylaşım siyahısına baxanda adamda istər-istəməz bir sual yaranır: Görəsən, bunu kim hazırlayır? Püşkatma ilə müəyyənləşdirilir, yoxsa qurumda “kimə təbrik düşdü?” lotereyası keçirilir?
Çünki cəmi bir həftə əvvəl “Qəbələ”nin də yaranma günü idi. Amma səssizlik oldu. Nə paylaşım var idi, nə xoş söz...
Heç nə. Sanki söhbət Azərbaycan futboluna illərdir xidmət edən “Qəbələ”dən getmir.
Halbuki bu klubun akademiyası uzun müddətdir futbolçu yetişdirir. Ötən mövsüm ən çox yerli oyunçuya şans verən komanda olub. Azərbaycan futbolunun inkişafından danışanda adı mütləq çəkilməli olan klublardan biridir. Amma AFFA-nın radarına düşməyib. Niyə? Çox maraqlıdır.
“Sabah”a gələndə yaddaş da işləyir, diqqət də. “Qəbələ”yə çatanda isə həmin yaddaş qəfildən “struktur dəyişikliyinə” uğrayır. Bəlkə federasiyada yeni prinsip formalaşıb? Orvell bunu görsəydi, yəqin ki, “1984”ə bir fəsil də əlavə edərdi.
Əlbəttə, AFFA istənilən klubu yada sala, istənilən uğuru qeyd edə bilər. Buna heç kim etiraz etmir. Söhbət başqadır. Federasiya futbol ekosisteminin bütün iştirakçılarına eyni standartla yanaşmalıdır. Bəlkə meyar Avropada oynamaqdır? Onda “Qəbələ”nin Avropa tarixini də xatırlayaq.
Bəlkə yerli futbolçulara şans verməkdir? Burada da “Qəbələ”nin kifayət qədər arqumenti var. Bəlkə akademiyadır? Yenə həmin klubun adı önə çıxır. Bəlkə Azərbaycan futboluna illərlə xidmət etməkdir? Yenə “Qəbələ”. Onda problem nədir?
Ən pis tərəfi də budur ki, bu sualları AFFA özü yaradır. Federasiya hər dəfə “Azərbaycan futbolunun inkişafı”, “yerli futbolçuların yetişdirilməsi”, “klubların inkişafı” barədə danışanda hər şey çox gözəl səslənir. Amma real həyatda ən sadə məsələdə belə eyni münasibət görünmürsə, həmin şüarlar nə qədər inandırıcı ola bilər?
Bir klubu təbrik etmək böyük iş deyil. Hamı eyni münasibəti göstərmək isə böyük mədəniyyətdir. AFFA “Sabah”ın, “Qəbələ”nin federasiyası yox, Azərbaycan futbolunun federasiyasıdır.
Ona görə sual artıq “Qəbələni niyə təbrik etmədiniz?” deyil, daha qəlizdir: Niyə bərabər davranmırsınız?