
“Karyeramın ən yaxşı mövsümüdür”
Bizon Azərbaycan Kubokunun finalında qazanılan qələbədən sonra “Sabah”ın üzvü Coy Lens Mikels sport1.az-a açıqlama verdi.
Futbolçu əvvəlcə qarşılaşma ilə bağlı təəssüratlarını bölüşdü:
“Çox maraqlı oyun oldu, xüsusilə bizi dəstəkləyən azarkeşlərimiz üçün. Açığı, “Zirə” dən daha artığını gözləyirdim. Onlar əsasən müdafiə olunurdular. İlk zərbələri qol olsa da, ümumilikdə oyuna çox şey qatmadılar. Finalda hər iki komandanın hücum futbolu göstərməsini istəyərdim. Amma sonda bunun fərqi yoxdur. Biz qalib gəldik və mövsümü “qızıl dubl”la başa vurduğumuz üçün çox xoşbəxtəm.”
O, Azərbaycan çempionu olması və karyerasının ən yaxşı dövrünü keçirməsi barədə də danışdı:
“Düşünürəm ki, bu, karyeramın ən yaxşı mövsümüdür. İnanılmaz il keçirdim. Baş məşqçimiz mənə çox kömək etdi, onun sistemi mənim istədiyim futbolu oynamağıma imkan verir. Mən də bunun qarşılığını qollar və məhsuldar ötürmələrlə verirəm. Mövsümün əvvəlində komandanın bu qədər güclü olacağını gözləmirdim, amma məşqçinin dəyişikliklərindən sonra indi çox yaxşı durumdayıq.”
Mikels sonda Çempionlar Liqasındakı gözləntilərini qeyd etdi:
“Kimlə qarşılaşacağımızı hələ bilmirəm. Amma qrup mərhələsinə yüksəlmək üçün hər oyunda qalib gəlməliyik. Ümid edirəm ki, bunu bacaracağıq və bütün Azərbaycan bizi dəstəkləyəcək”.
MƏHƏMMƏD HÜSEYNOV